Badamdar sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV
Səbail rayonu, Badamdar qəsəbəsinin Seymur Məmmədov küçəsinin sakinləri 4 aydır ki, ərazidə aparılan söküntü nəticəsində tullantı materiallarının yola atılmasından şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, yağışlı hava şəraiti vəziyyəti daha da çətinləşdirib. Nə uşaqlar məktəbə gedə bilir, nə də sakinlər maşınla yolu rahat keçə bilirlər.
“Dəfələrlə müraciət etmişik ki, asfalt yolumuzu açsınlar. İki küçəmiz var, hər ikisini də qəsdən bağlayıblar. Artıq bu küçələrdən istifadə edə bilmirik. Başqa sakinlər də tullantılarını bura atırlar. İndi bura zibilliyə çevrilib, qoxudan hərəkət etmək belə mümkün deyil”, – deyə sakin Emil Quliyev söyləyib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvanda yeni mülkiyyətçi tərəfindən alqı-satqı yolu ilə alınmış qəzalı vəziyyətdə olan fərdi yaşayış evi sökülüb.
Qurum həmin ərazidə uzun müddətdir alqı-satqı yolu ilə yeni evlər alan və sökən mülkiyyətçi ilə digər sakinlər arasında anlaşılmazlığın hökm sürdüyünü qeyd edib:
“Alqı-satqı vəsaitinin razılaşdırılması və tərəflər arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti və Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən qarşılıqlı görüşlər keçirilib və müzakirələr aparılıb. Həmçinin ünvanda abadlıq işləri aparılaraq, ərazinin təmiz saxlanılması barədə mülkiyyətçiyə məlumat verilib”.
