BSQ və KSQ-lər üçün məktəblərdə pul yığılması iddiaları araşdırılır - Baku TV
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə şagirdlərdən “fond pulu” və “summativ pulu” yığılması ilə bağlı iddialar yayılıb.
Sözügedən təhsil müəssisəsinin şagirdləri isə yayılan iddiaları təkzib ediblər.
“Mən artıq üç ildir bu məktəbdə oxuyuram. Şəxsən özüm heç vaxt belə bir halla qarşılaşmamışam”, – onlardan biri söyləyib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, sosial mediada Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-lisey ilə bağlı səsləndirilən iddialarla bağlı ilkin araşdırma aparılıb:
“Araşdırma zamanı iddia olunan halları təsdiq edən hər hansı rəsmi sənəd, valideyn müraciəti və ya digər sübutlar aşkar edilməyib. Qeyd edirik ki, məktəblərdə keçirilən summativ qiymətləndirmələr normativ sənədlərin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu proseslə bağlı şagirdlərdən və ya valideynlərdən hər hansı ödəniş tələb edilməsi yolverilməzdir”.
Valideynlər belə hallarla qarşılaşdıqlarında aidiyyəti qurumlara müraciət etməlidirlər.
