Hərbi qulluqçular daimi mənzillərlə təmin olundu
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi prosesi mərhələli şəkildə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilən daimi mənzillərin müəyyənləşdirilməsi ilə bağlı dekabrın 24-də Bakı Hərbi Kollecində püşkatma mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, xidmətdə və ehtiyatda olan bir qrup hərbi qulluqçu və ailə üzvləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımların atıldığını qeyd ediblər.
Xüsusi olaraq vurğulanıb ki, bu istiqamətdə görülən işlər hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında mühüm amillərdən biridir. Daha sonra mənzillər püşkatma yolu ilə növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.