Keşlə bazarı sökülür | İcarədarları özündən çıxaran məsələyə AAYDA-dan cavab
Paytaxtda fəaliyyət göstərən bazarlardan biri – “Keşlə” bazarı söküləcək. Artıq bununla bağlı icarədarlara xəbərdarlıq da olunub.
Belə ki, onlara yanvarın 1-dək vaxt verilib və bazarı tərk etmələri bildirilib. Amma icarədarlar bununla razılaşmırlar.
“Bizə rəsmi olaraq heç nə deməyiblər. Əvvəldən xəbər versəydilər, bu qədər mal almazdım. Bir həftə ərzində onları hara apara bilərəm? Borclarımı necə ödəyim? Çox xahiş edirəm ki, bizə marta kimi vaxt verilsin”, – deyə icarədar söyləyib.
“Dünən axşamdan deyiblər ki, bazar söküləcək. Əvəzində yer də vermirlər. Bunu əvvəldən desəydilər, başımıza çarə qılardıq. Bizi də başa düşmək lazımdır”, – deyə başqa bir icarədar narazılığını ifadə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq layihənin icrasına başlanılıb:
“Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla agentliyimiz tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Bu barədə həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinin sahiblərinə məlumat verilib, o cümlədən “Keşlə” bazarının sahibinə aprel ayından xəbərdarlıq olunub ki, bazarın söküntü işləri həyata keçirilməklə yeni yolun inşası aparılmalı və bu səbəbdən də bazar boşaldılmalıdır”.