Müğənni Yeganənin adından istifadə edərək pul istənildi | Dələduzluğun yeni növü
Ölkədə yeni dələduzluq növü yayılıb.
Belə ki, naməlum şəxslər sizin telefon nömrənizlə sosial platformalarda qeydiyyatdan keçərək yaxınlarınızdan pul istəyirlər. Telefonunuzda isə belə bir SMS-in yazıldığı görünmür.
Müğənni Yeganə Mürsəlova da sözügedən dələduzluqla üzləşib.
Onun sözlərinə görə, naməlum şəxs müğənniyə mesaj yazaraq tanınmış aparıcı Mətanət Əliverdiyevanın adından pul istəyib: “Mətanət xanımla əlaqə saxlayanda “Yeganə, inanma, yalandır” dedi”.
Bəs nömrə sahibinin xəbəri olmadan adından kiməsə SMS göndərilməsi necə baş verə bilər?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyev bunun bir neçə səbəbinin olduğunu bildirib. “Zərərçəkənin telefonu ələ keçirilmiş ola bilər. Dələduz telefona SMS göndərərək “WhatsApp”ı ələ keçirə, bununla da proqramı idarə edə bilər. Həmçinin veb mesencerdən istifadə zamanı da bu hal ilə qarşılaşmaq olar”, – deyə o qeyd edib.