Qarğıdalı yeyərkən dişlərdə mikroçatların yaranması riski arta bilər
Yay mövsümünün sevilən ləzzətlərindən olan qarğıdalı diş sağlamlığı üçün gözlənilməz problemlərə səbəb ola bilər.
Bu barədə stomatoloq Anastasiya Savkina danışıb.
Həkimin sözlərinə görə, yay mövsümündən sonra stomatoloqlar tez-tez dişlərdə çatlar, qopmuş plomblar və körpü protezlərində yaranan zədələrlə qarşılaşırlar. Qarğıdalı lif və vitaminlərlə zəngin olsa da, onu birbaşa dişləyərək yemək dişlərə qeyri-bərabər yük düşməsinə səbəb olur.
Mütəxəssis bildirib ki, bu zaman təzyiq əsasən dişin kiçik bir hissəsinə və ya plombun kənarına yönəlir. Sağlam diş minası üçün bu yük ciddi problem yaratmasa da, plomb qoyulmuş dişlərdə mikroçatların yaranması və sonradan plombun qopması riskini artırır.
Stomatoloq dişləri qorumaq üçün qarğıdalını dişləməməyi, dənələri əvvəlcədən bıçaqla kəsərək çəngəllə yeməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsul dişlərə düşən nöqtəvi yükü əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssis həmçinin qarğıdalı yedikdən sonra ağız boşluğunun gigiyenasına xüsusi diqqət yetirməyi məsləhət görüb.
O bildirib ki, dişləri fırçalamaq mümkün olmadıqda ağız yaxalayıcısı, diş sapı və ya irriqator qida qalıqlarını təmizləməyə və şəkərin diş minasına təsirini azaltmağa kömək edir.
Тег #Qarğıdalı используется
