"Baku TV"nin filmi nüfuzlu festivalın qalibi oldu
Baku TV-nin çəkdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən, hər dəfə mindən artıq ekran əsərinin göndərildiyi “Accolade Global Film Competition”ın qalibi olub.
IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən yaxşı 25 film festivalından biri hesab olunur. 21 ildir davam edən festivalda zaman-zaman dünyaca məşhur aktyorlar, film prodüserləri, rejissorlar və ssenaristlər qalib olublar. Mükafatçılar sırasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi, Erik Roberts kimi dünyaca məşhur şəxsləri misal göstəmək olar.
İndi isə keçək bu cür nüfuzlu film festivalının qalibi olan Baku TV-nin çəkdiyi “Söz” qısametrajlı sənədli filminə.
Ekran əsəri Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsindən bəhs edir.
Filmdə hər şey qəhrəmanın öz dilindən səslənir. Onun müharibəyə qədərki, 44 gün boyunca və Zəfərdən sonra keçirdiyi hisslər, psixoloji durum həm də bütövlükdə Azərbaycan xalqının ümimiləşdirilmiş obrazı kimi əks olunur.
Nüfuzlu film festivalı “Accolade Global Film Competition”ın qalibi olan ekran əsərinin rejissoru Baku TV-nin əməkdaşı Leyli Məhərrəmdir. Sənədli filmin ölkəmizdə təqdimatı keçirildikdən sonra izlənmək üçün tamaşaçıların ixtiyarına veriləcək.