"İçəri girirsən ki..." | İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı - Baku TV
Bir qrup valideyn Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında aparılan təmir işlərinin ləng getməsindən şikayətçidir.
Onlar təmirlə əlaqədar övladlarının başqa məktəbə küçürülməsindən narahat olduqlarını söyləyirlər.
“2025-ci ilin sentyabrında artıq uşaqlar gimnaziyaya qaytarılmalı idi. Sonra dedilər ki, təmir işləri hələ bitməyib. Rəssamlığı, heykəltaraşlığı, musiqini onlayn keçmək olar?!”, “Uşaqların gimnaziyaya qaytarılmasını tələb edirik. İnanın ki, zülm çəkirik”, – deyə valideynlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir.
Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq, növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.
