Süni parçalardakı plastik zərrəciklər həzm sisteminə daxil ola bilir
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
Tibb mütəxəssisi Olqa Ulankina "İzvestiya" nəşrinə müsahibəsində bu problemin gizli təhlükələrindən danışıb.
Ekspertin bildirdiyinə görə, mikroplastiklər süni parçaların aşınması nəticəsində yaranan və ölçüsü 5 millimetrdən kiçik olan plastik zərrəciklərdir. Bu zərrəciklər bədənə ən çox tənəffüs yolu ilə daxil olsa da, qidaların üzərinə çökərək həzm sisteminə də keçə bilir.
Ekspert qeyd edib ki, mikroplastiklərə neylon, elastan, akril və poliester tərkibli idman geyimlərində və ev tekstili məhsullarında da rast gəlinir.
Onun sözlərinə görə, mikroplastiklərlə təması tamamilə kəsmək mümkün olmasa da, zərərin dərəcəsini azaltmaq olar.
Ulankina süni tərkibli paltarları daha az yumağı, paltaryuyan maşınlarda həssas rejimlərdən və xüsusi filtrlərdən istifadə etməyi, habelə imkan daxilində təbii materiallardan tikilmiş geyimlərə üstünlük verməyi məsləhət görüb.
