Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV
Dənizkənarı Bulvar ərazisində yerləşən və “Şeytan çarxı” kimi tanınan “Panorama” attraksionunun küləkli havada işlədilməsi ilə bağlı narahatlıqlar səsləndirilib.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, “Panorama” attraksionunun fəaliyyəti müəyyən təhlükəsizlik qaydaları ilə tənzimlənir.
Onun sözlərinə görə, küləyin sürəti saniyədə 11 metrdən çox olduqda, həmçinin qarlı, yağışlı, boranlı və tufanlı hava şəraitində attraksion fəaliyyət göstərmir.
Əfsanə Mehdiyeva qeyd edib ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən bütün attraksionlara gündəlik texniki baxış keçirilir. Mühəndis və texniki heyətin bilik və bacarıqları mütəmadi qiymətləndirilir, aidiyyəti qurum tərəfindən isə əlavə yoxlama və ölçmə işləri aparılır.
O həmçinin bildirib ki, başgicəllənməsi, mütəmadi baş ağrıları və epilepsiyası olan şəxslərin “Panorama” attraksionundan istifadə etməsi məqsədəuyğun deyil. 6-12 yaş arası uşaqların isə attraksiona valideynsiz minməsi tövsiyə olunmur.
