XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 25 yaşını qeyd edir - Baku TV
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
2001-ci ildə fəaliyyətə başlayan XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ötən dövr ərzində Azərbaycanda müasir, innovativ və milli-mənəvi dəyərlərə əsaslanan təhsil modelinin inkişafına mühüm töhfələr vermiş təhsil müəssisələrindən biri kimi tanınıb.
Yubiley tədbirinin rəsmi hissəsində mərasimə qatılan qonaqlar – Yeni Azərbaycan Partiyası sədrinin müavini Tahir Budaqov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digərləri çıxış edərək məktəbin Azərbaycan təhsilindəki rolu, qazandığı uğurlar və gələcək inkişaf perspektivləri barədə fikirlərini bildiriblər.
Gecənin bədii hissəsində məktəbin şagirdlərinin təqdimatında müxtəlif musiqili və səhnə kompozisiyaları nümayiş etdirilib. Şagirdlərin yüksək peşəkarlıqla hazırladıqları çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
XXI Əsr Məktəbinin 25 illik yubileyi yalnız ötən uğurlu fəaliyyət yolunun təqdimatı deyil, eyni zamanda gələcək nəsillərin inkişafına hesablanmış strateji baxışın nümayişi kimi qiymətləndirilib.
Tədbir iştirakçıları məktəbin gələcək fəaliyyətinə uğurlar arzulayaraq onun Azərbaycan təhsilinə bundan sonra da mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
