Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi
ABŞ-nin Tayvan məsələsində atdığı addımlar Çin tərəfindən sərt tənqid olunub.
Vaşinqtondakı Çin səfirliyi ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi Maykl Desombrenin Tayvana silah tədarükü ilə bağlı açıqlamalarına münasibət bildirib.
Səfirliyin mətbuat katibi Lyu Çan qeyd edib ki, Çin ABŞ-nin Tayvana silah satışına qəti şəkildə qarşıdır və bu mövqe dəyişməzdir.
Onun sözlərinə görə, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən həssas və əsas mövzudur və ümumi münasibətlərin gələcəyinə birbaşa təsir edir.
Lyu Çan vurğulayıb ki, bu məsələyə düzgün yanaşılarsa, iki ölkə arasında sabitlik qoruna və əməkdaşlıq imkanları genişlənə bilər. Əks halda isə vəziyyət ciddi şəkildə gərginləşə bilər.
“Əgər Tayvan məsələsi səhv idarə olunarsa, bu, Çin və ABŞ arasında birbaşa toqquşmaya və hətta münaqişəyə səbəb ola bilər”, – deyə o bildirib.
Çin tərəfi ABŞ-ni regionda sülh və sabitliyin qorunması üçün daha məsuliyyətli addımlar atmağa çağırıb.
Bəyanatda qeyd olunub ki, Pekin Tayvan boğazında sabitliyin qorunmasını vacib hesab edir və Vaşinqtondan bu istiqamətdə konkret tədbirlər gözləyir.
