Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama
“Belfastdakı qorxunc hücum ürəkbulandırıcıdır”.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Belfastda 40 yaşlarındakı kişinin küçədə ağır şəkildə bıçaqlanmasına belə reaksiya verib.
Polis hadisə ilə əlaqədar 30 yaşlı Sudan əsilli bir nəfəri həbs edib, o, qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Ancaq polis hadisəni terror aktı kimi araşdırmır. Bu da Qərbdə etiraz səslərinin yüksəlməsinə səbəb olub.
İlk saatlarda bəzi mənbələr şübhəlinin mənşəyi barədə fərqli məlumatlar verirdi. Bu da məlumat qarışıqlığını artırdı. Polis sonradan 30 yaşlı Sudan vətəndaşının ittiham olunduğunu açıqladı.
Hadisənin videosu sosial şəbəkələrdə sürətlə yayıldı. Hücumun çox qəddar görünməsi və şübhəlinin miqrant olması barədə xəbərlər antiimmiqrasiya qruplarını hərəkətə gətirdi. Nəticədə Belfastda və daha sonra digər şəhərlərdə etirazlar başladı. Başlanğıcda etirazlar dinc xarakter daşısa da, sonradan bəzi qruplar avtobusları və avtomobilləri yandırıb, polisə hücum edib, miqrantların yaşadığı ehtimal edilən evlərə və obyektlərə ziyan vurub.
Böyük Britaniyada baş verənlərin yalnız Belfast hadisəsinə görə olduğunu demək düzgün olmaz. Belfast hücumu qığılcım rolunu oynayıb, amma səbəb daha genişdir. Son aylarda Böyük Britaniyada immiqrasiya siyasəti, sığınacaq sistemi, zorakılıq cinayətləri, polis və məhkəmə sisteminə etimad ətrafında ciddi siyasi gərginlik mövcuddur. Belfast hadisəsi bu mövcud narazılıqları daha da alovlandırdı və bəzi qruplar onu daha geniş antiimmiqrasiya kampaniyasına çevirdilər.
