Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirilib
ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib.
Komandanlıq bu barədə məlumat yayıb.
Belə ki, ABŞ təyyarələri İranın raket və dron anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən yük gəmisinə kamikadze dron hücumundan sonra baş verib.
Komandanlıq mülki gəmiyə edilən hücumun atəşkəs rejiminin və naviqasiya azadlığının pozulması olduğunu bildirib.
Qurum əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla razılaşmalara əməl olunmasına nəzarət etməyə davam edir.
ABŞ vitse-prezidenti Cey Di Vens də məsələ ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.
"İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik, amma anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları olarsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək", – deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib.
