Oturaq işlə məşğul olanlara tövsiyə
"Oturaq iş zamanı əzələ tonusunu qorumaq üçün hər 30 dəqiqəlik fəaliyyətdən sonra qısa fasilə vermək tövsiyə olunur".
Bu barədə rusiyalı yoqa-terapevt Marina Orlova danışıb.
Mütəxəssis qan dövranını tənzimləmək üçün gündə ən azı 7 min addım atmağın vacibliyini vurğulayıb.
"Müasir həyat tərzi bizi uzun müddət hərəkətsiz oturmağa məcbur edir. Bu isə maddələr mübadiləsinin yavaşlamasına, əzələ gərginliyinə, xroniki yorğunluğa və enerji itkisinə səbəb olur. Normal qan dövranını və əzələ funksiyasını qorumaq, orqanizmdə maye durğunluğunun qarşısını almaq üçün gündə orta hesabla 7-9 min addım atılmalıdır. Bundan əlavə, gün ərzində 20-30 dəqiqəlik ortasəviyyəli aktivlik – sürətli gəzinti, yüngül idman, oynaq hərəkətləri və tənəffüs məşqləri olduqca faydalıdır. Bu, bədənin bərpa olunmasına kömək edir", – deyə mütəxəssis bildirib.
Ekspert qeyd edib ki, iş zamanı qısa fasilələrdə ayağa qalxmaq, bir az gəzmək, çiyin, boyun və bel nahiyəsi üçün sadə isinmə hərəkətləri etmək kifayətdir.
"Cəmi beş dəqiqə çəkən bu cür qısa məşqlər ümumi rifahınızı yaxşılaşdırır və əzələ gərginliyinin qarşısını alır", – deyə Marina Orlova vurğulayıb.
