Rəsmi Kiyevdən mühüm açıqlamalar
"Ukrayna Prezidenti Volodimir Zelenski ən həssas məsələləri müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır".
Bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclasında bildirib.
"Artıq qeyd etdiyim kimi, Volodimir Zelenski rusiyalı həmkarı ilə görüşməyə və ən həssas məsələləri müzakirə etməyə hazırdır. Buraya xüsusən ərazilər və Zaporojye AES-lə bağlı məsələlər daxildir. Lakin Kremlin bu tezisə ictimai reaksiyası bir daha göstərdi ki, Putin müharibəni dayandırmaq istəmir", – deyə A.Sibiqa qeyd edib.
Nazir əlavə edib ki, Avropa silahlanma və təhlükəsizlik məsələlərində tam strateji muxtariyyətə nail olmalıdır. Bu, Avropanın mövcudluğu məsələsidir və Ukrayna bu yolda əsas elementdir.
Onun fikrincə, Ukraynaya dəstək Avropa qitəsinin ümumi təhlükəsizliyinə investisiyadır. Sülh səyləri və Əbu-Dabidə aparılan son danışıqlara gəlincə, nazir vurğulayıb ki, hazırda Ukrayna və ABŞ növbəti üçtərəfli görüşə hazırlıq işləri görür və bu görüş yaxın zamanda baş tutacaq.
