Rəsmi Tehran iranlıların həbsinə münasibət bildirdi
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin İslam Respublikası ilə əlaqəli terror qrupunu ifşa etməsi ilə bağlı iddiasını əsassız sayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, bu cür əsassız iddiaların irəli sürülməsi və anti-İran ab-havasının yaradılması, ABŞ və İsrailə dəstək məsuliyyətindən diqqəti yayındıra bilməz.
O, bu cür məsuliyyəti başqasının üzərinə atma cəhdlərinin region ölkələri arasında etimadın yaranmasına kömək etməyəcəyini vurğulayaraq, BƏƏ hökumətini insanların hüquqlarına hörmət etməyə, qisasçı davranışlardan çəkinməyə və mehriban qonşuluq prinsipinə qayıtmağa çağırıb.
Qeyd edək ki, aprelin 20-də BƏƏ-nin təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa etdiyini açıqlayıb. Bildirilib ki, saxlanılanlar çirkli pulların yuyulmasında, iqtisadiyyatı sarsıtmaqda və milli təhlükəsizliyə təhdid etməkdə ittiham olunurlar.
