SEPAH əməliyyat keçirib | İsrailə aid gəmilər hansı qaydanı pozub? - Baku TV
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki gəmini saxlayıb.
IRNA-nın məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazda monitorinq sistemlərindən istifadə edərək qaydaları pozan İsraillə əlaqəli "MSC Francesca" və "Epaminondas" gəmilərini müəyyən edərək saxlayıb.
Bildirilib ki, onlar boğazdan gizlincə keçməyə cəhd göstərib, naviqasiya avadanlıqlarını qəsdən sıradan çıxarıb və dəfələrlə qayda pozuntularına yol veriblər.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə ediblər.
Əraqçi müharibənin dayandırılması və gərginliyin azaldılması istiqamətində İranın son təşəbbüsləri və diplomatik səyləri barədə məlumat verib.
Qətərin xarici işlər naziri İranın diplomatik yanaşmasını alqışlayaraq, həmçinin ölkəsinin müharibənin dayandırılması məqsədilə vasitəçilikdə və dialoqların dəstəklənməsində fəal rolunu davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.
