Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb
Amerikalı müğənni Teylor Svift Milad bayramı münasibətilə müxtəlif xeyriyyə təşkilatlarına 2 milyon dollardan çox vəsait ayırıb.
Bu barədə "NBC News" məlumat yayıb.
Xeyriyyə fondlarının açıqlamasına görə, müğənni ABŞ-də aclıq problemi ilə mübarizə aparan "Feeding America" fonduna 1 milyon dollar, Amerika Ürək Assosiasiyasına isə daha 1 milyon dollar ianə edib.
Bundan əlavə, Svift Səsyazma Akademiyası nəzdində fəaliyyət göstərən və çətin həyat şəraitində olan musiqiçilərə yardım göstərən "MusiCares" fonduna da əhəmiyyətli məbləğdə vəsait köçürüb.
Amerika Ürək Assosiasiyasından bildirilib ki, bu ianə elmi tədqiqatların inkişafına, ürək-damar xəstəliklərinin profilaktikasına və tibbi xidmətlərə çıxışın genişləndirilməsinə töhfə verəcək.
Qeyd olunur ki, ianələr şəxsi xarakter daşıyır. Belə ki, iyun ayında Teylor Sviftin atası Skott Sviftə beşqat koronar şuntlama əməliyyatı aparılıb.
"Feeding America" təşkilatının baş icraçı direktoru Kler Babino-Fonteno müğənniyə təşəkkür edərək, bu cür təşəbbüslərin xüsusilə bayram mövsümündə böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Eyni zamanda Kantri Musiqi Akademiyası da Teylor Sviftə minnətdarlığını bildirib. Akademiyanın açıqlamasına görə, ayrılan vəsait sağlamlıq problemləri səbəbindən maliyyə çətinliyi yaşayan ifaçılara dəstək göstərən "ACM Lifting Lives" proqramına yönəldiləcək.
Milad xeyriyyə aksiyası müğənninin aktiv sosial mövqeyinin və humanitar təşəbbüslərə uzunmüddətli dəstəyinin növbəti göstəricisi kimi qiymətləndirilir.
