Venesuela XİN-dən ABŞ ilə bağlı açıqlama - Baku TV
“ABŞ Dövlət Departamentinin Venesuelada təhlükəsizlik təhdidi ilə bağlı xəbərdarlığı həqiqətə uyğun deyil. Ölkədə sabitlik və dinc vəziyyət qalmaqdadır”.
Bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pintonun teleqram kanalında yayılmış açıqlamasında bildirilib.
“Venesuelada tamamilə dinclik, sülh və sabitlik hökm sürür. Bütün yaşayış məntəqələri, nəqliyyat yolları, nəzarət-buraxılış məntəqələri və təhlükəsizlik obyektləri normal fəaliyyət göstərir və respublikanın Silahlı Qüvvələri güc tətbiq etmək və Venesuela xalqının dincliyini təmin etmək üçün qanuni hüququnun yeganə qarantı olan Bolivar hökumətinin nəzarəti altındadır”, – deyə bəyanatda vurğulanır.
XİN qeyd edib ki, Venesuela sülhün, sabitliyin qorunmasına və xalqın təhlükəsizliyinin təmin olunmasına sadiqliyini bir daha təsdiqləyir.
Bu arada Ağ Ev Venesuela neftinin qlobal bazarda satışını asanlaşdırmaq üçün əvvəllər bu ölkəyə tətbiq olunan sanksiyaların daha bir hissəsini ləğv edə bilər.
ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton Venesuelanın Beynəlxalq Valyuta Fondunda bloklanan 3,59 milyard dollarını nağd pula çevirmək niyyətindədir.
Nazir bu maliyyələşdirmənin Venesuela iqtisadiyyatını bərpa etmək üçün istifadə oluna biləcəyini açıqlayıb.
