Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir
BMT-nin Turizm Təşkilatı 2026-cı il üçün beynəlxalq turist səfərlərinin artımı ilə bağlı proqnozunu aşağı salıb.
Təşkilat bu il artımın 1–2 faiz olacağını gözləyir. Yanvarda açıqlanan əvvəlki proqnoz isə 3–4 faiz təşkil edirdi. Buna Yaxın Şərqdəki münaqişələr və səyahət xərclərinin artması səbəb olub.
Hesabata görə, ilin ilk yarısında beynəlxalq turist səfərləri cəmi 0,4 faiz artaraq təxminən 690 milyon nəfərə çatıb. İlk rübdə 2 faizlik artım qeydə alınsa da, ikinci rübdə göstərici 1 faiz azalıb. Təkcə iyunda 3 faizlik geriləmə olub.
İlk altı ayda turist səfərləri Afrikada 4, Avropada 3, Amerikada isə 2 faiz artıb. Yaxın Şərqdə isə münaqişələrin təsiri ilə səfərlərin sayı 22 faiz azalıb.
BMT-nin Turizm Təşkilatı bildirir ki, yüksək qiymətlər və qeyri-müəyyənlik turistləri daha yaxın istiqamətlərə və ölkə daxilində səyahətə yönəldə bilər. Yeni proqnozun isə münaqişənin müddətindən, neft qiymətlərindən və inflyasiyanın səviyyəsindən asılı olacağı bildirilir.
