Zelenski Mayamidəki görüşdə iştirak etməyəcəyini açıqlayıb
“Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxofla birgə mətbuat konfransında bildirib.
Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
“ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra”, – deyə Zelenski qeyd edib.
O bildirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.
Bu arada, Ukraynada müharibə başlayandan bəri Rusiya neftinin qiyməti ən aşağı səviyyəyə enib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, artan sanksiya təzyiqi Rusiya neftinin satışını və daşımasını çətinləşdirir. Məhdudiyyətlər həm də Rusiya xammalının əsas alıcıları olan ölkələrdəki neft emalı zavodlarını, xüsusən Hindistanı əhatə edir ki, bu da Rusiya ixracatçılarını əhəmiyyətli endirimlər təklif etməyə məcbur edir.
Qeyd olunub ki, Baltik və Qara dəniz limanlarından, həmçinin şərqdəki Kozmino limanından ixrac olunan Rusiya neftinin orta qiyməti 1 barel üçün 40 dollardan bir qədər çoxdur. Bu, əvvəlki üç ayın orta göstəricisindən 28% azdır.
