Nizami rayonunda güclü külək sakinlərə təşviş yaşatdı | Əməkdaşımız hadisə yerində - Baku TV
Nizami rayonu, Qara Qarayev küçəsində uzun müddətdir təhlükəli vəziyyətdə olan ağacın iri budağı güclü külək nəticəsində qırılaraq yaşayış binasının beşinci mərtəbəsindəki mənzilin eyvanına düşüb. Nəticədə mənzilin eyvanına ziyan dəyib.
Hadisə bu gün səhər saat 08:00 radələrində baş verib. Sakinlərin sözlərinə görə, hadisədən dərhal sonra aidiyyəti qurumlara məlumat verilsə də, ötən yeddi-səkkiz saat ərzində əraziyə müdaxilə edilməyib. Qırılmış budaq hələ də eyvanda qaldığından ətraf üçün təhlükə yaradır.
Bildirək ki, binanın həyətində uşaqların oyun meydançası yerləşir və gün ərzində ərazidən çoxsaylı sakin keçir. Bu səbəbdən budağın yerə düşməsi insanların həyatı üçün ciddi təhlükə yarada bilər.
Sakinlər qeyd ediblər ki, ağacın təhlükəli vəziyyətdə olması ilə bağlı əvvəllər də aidiyyəti qurumlara və yaşıllaşdırma xidmətinə dəfələrlə müraciət ediblər. Lakin indiyədək heç bir tədbir görülməyib.
Qeyd edək ki, ərazidə eyni vəziyyətdə olan daha bir neçə qurumuş və qəzalı ağac mövcuddur.
