“Qorxudan yatmırıq” | İnsanların həyatını kabusa çevirdilər: "Qəbiristanlıqda da olur" - Baku TV
Şabran rayonunun Söhbətli kənd sakinləri son vaxtlar ard-arda baş verən oğurluq hadisələrindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, soyğunçular mal-qaraya, qəbiristanlıqdakı əşyalara, hətta meyvə ağaclarına belə qənim kəsiliblər. Bu hallar kənd əhalisi arasında ciddi narahatlıq yaradıb.
“Kəndin yuxarı məhəlləsindən təxminən bir ay əvvəl iki baş mal-qara oğurlanıb. Bu cür hadisələr dörd-beş dəfə təkrarlanıb. Artıq bir aydır ki, kənddə oğurluq halları baş alıb gedir”, – deyə kənd sakinlərindən biri bildirib.
Digər sakin isə qeyd edib ki, oğurluq halları qəbiristanlıqda da baş verib:
“Qəbiristanlıqdan dəmir konstruksiyalar və stullar oğurlanaraq satılıb. Camaat təşviş içindədir, gecələr qorxudan yata bilmirik. Kənd sakinlərinə ümumilikdə 20 min manata yaxın ziyan dəyib”.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Şabran rayonunun Söhbətli kəndində baş verən oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
