“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu | Ağstafada bədbəxt hadisə - Baku TV
Ağstafada yeniyetməni cərəyan vurub. Hadisə dəmir yolu ərazisində qeydə alınıb.
Məlumata görə, 15 yaşlı rayon sakini Ömər Nəsibov “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyib. Bu məqsədlə o, vaqonların birinin üzərinə çıxıb. Bu zaman yeniyetməni ehtiyatsızlıqdan cərəyan vurub.
Ağır yanıq xəsarətləri alan Ö.Nəsibov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində o, yanıq şokundan çıxarılaraq müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Yeniyetmənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisə şahidi faktla bağlı bunları deyib:
"Evdə olarkən güclü partlayış səsi eşitdim. Çölə çıxanda bir nəfərin yandığını gördüm. Biz yaxınlaşana qədər o, yerə yıxıldı. Onu xəstəxanaya çatdırdıq. Sonradan məlum oldu ki, həmin şəxs dostumun qardaşı oğludur".
Faktla bağlı araşdırma aparılır.
