Tükürpərdən hadisə | "Baksol yolu" ərazisindəki dəhşətli yanğının detalları üzə çıxdı - Baku TV
Aprelin 17-si səhər saatlarında paytaxtın Binəqədi rayonu ərazisində, “Baksol yolu” kimi tanınan İncəçay küçəsində yerləşən fərdi yaşayış evində partlayış olub, nəticədə, yanğın baş verib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində iki ev tamamilə yararsız vəziyyətə düşüb. Partlayışın baş verdiyi evin həyətində olan avtomobil də yanaraq yararsız hala düşüb.
Baş Prokurorluqdan verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Bildirilib ki, Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Ceyran Həsənovanı qəsdən öldürməsi, daha sonra evi və həyətyanı sahədə olan avtomobili yandırması, ardınca isə intihar etməsinə əsaslı şübhələr var.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
