Xırdalanda uşaq oğurluğu? | DİN-dən hadisə ilə bağlı təcili açıqlama
İddialara görə, Xırdalan şəhərində yerləşən 1 saylı məktəbin 13 yaşlı şagirdini oğurlamağa cəhd ediblər.
Belə ki, şagird dərsdən çıxıb evə gedərkən ona bir avtomobil yaxınlaşıb və içindəki şəxs məktəblini maşına mindirməyə cəhd edib. Lakin yeniyetmə cəld tərpənərək onun əlindən qaçıb.
“Uşaq idmanla məşğul olur, vurub onu, sonra da qaçıb”, − məktəbli deyib.
“Burada ağacın dibində bir nəfər görmüşdük, uşaqlara baxırdı”, − başqa bir məktəbli bildirib.
Məktəbin texniki işçisi və direktor müavini isə hadisənin həqiqəti əks etdirmədiyini söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir:
“Bununla bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb”.
