Gələn ildən bu sahələrdə də ƏDV qaytarılacaq
“Vergi Məcəlləsinə gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib”.
Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al”a görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur:
“Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, sözügedən xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər”.
Deputatın sözlərinə görə, yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır.
