SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82 faizinin "API Holding"dən satın alınması prosedurunu yekunlaşdırıb.
SOCAR-dan verilən məlumata görə, müqavilə bütün lazımi tənzimləyici icazələr əldə edildikdən sonra başa çatdırılıb.
Bildirilib ki, 90 ildən çox fəaliyyət tarixinə sahib olan "IP Group" İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində əhəmiyyətli yer tutur. Şirkət iki neft emalı müəssisəsi, anbar təsərrüfatları və ölkə miqyasında geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrasiya olunmuş sənaye logistika infrastrukturu əsasında iş aparır.
Bu əməliyyat nəticəsində IP beynəlxalq enerji şirkəti olan SOCAR-ın strukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirib. Bu kontekstdə İtaliya SOCAR-ın Avropa qitəsindəki əsas bazarlarından biri olaraq xüsusi önəm kəsb edir.
Belə ki, SOCAR Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə İtaliyaya xam neftin aparıcı təchizatçılarından biri qismində çıxış edir. Bu prizimadan, sövdələşmə dəyişən bazar mühiti və dayanıqlılıq hədəflərinə müvafiq olaraq SOCAR-ın inteqrasiya olunmuş və davamlı beynəlxalq əməliyyatlarının daha da genişləndirilməsi strategiyasına xidmət göstərir.
Bildirilir ki, SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend reputasiyasının və əməliyyat potensialının qorunmasına və daha da inkişaf etdirilməsi prinsipinə sadiq qalır.
Eyni zamanda şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin edilməsini prioritet istiqamət olaraq təyin edib.
