Azərbaycan-Çexiya biznes-forumunda imzalanan sənədlər mübadilə edilib - Baku TV
Azərbaycanın İqtisadiyyat, Çexiyanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Çexiyanın Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə biznes-forum keçirilib.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya effektiv institusional mexanizm rolunu oynayır. Həmçinin Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.
O, keçirilən biznes-forum və bu qəbildən olan tədbirlərin iş birliyinin inkişafında önəmini qeyd edib, birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb. Tədbirdə eyni zamanda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları barədə təqdimatla çıxış edib.
Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanları barədə danışıb. Bundan başqa, forum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Tədbir zamanı həmçinin B2B və B2G görüşlər təşkil olunub.
