Bayden administrasiyasının səhvi o idi ki… | Prezident ABŞ ilə əlaqələrdən danışdı
“Cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə, münasibətlər çox müsbət idi və biz bir çox istiqamətlər üzrə irəliləyişə nail ola bilmişdik”.
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi.
“Yəni Azərbaycana Ermənistan-Azərbaycan, ya da Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı – bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib, xüsusilə Qarabağ məsələsi ilə bağlı. Bu, həm ədalətsiz, həm də ikili standartlara əsaslanan mövqe idi”, – deyə Prezident sözlərinə əlavə edib.