Ermənistan razılaşdırılmayan 2 maddə ilə bağlı Azərbaycana təklif göndərdi
“Ermənistan sülh sazişi layihəsinin razılaşdırılmayan iki bəndinə dair Azərbaycana təklif göndərib”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə mətbuatına müsahibəsində deyib.
O əlavə edib ki, Ermənistan Azərbaycanla eskalasiya yolu ilə getməyəcək, sülh strategiyasına və gündəliyinə sadiq qalacaq.
“Sülh müqaviləsinin razılaşdırılmayan iki maddəsinin həllini təklif etdik və Azərbaycan müsbət cavab verərsə, müqaviləni imzalamağa hazırıq”, – deyə N.Paşinyan qeyd edib.
Baş nazir bildirib ki, yanvar ayında Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyaların iclasının keçiriləcəyi təsdiqlənib.
“Düşünürəm ki, 2025-ci ildə demarkasiya ilə bağlı müsbət təcrübə sakit iş mühitində inkişaf etdirilməlidir”, – deyə N.Paşinyan bildirib.