Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - Baku TV
Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli tədbir keçirilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər iştirak ediblər.
Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı ağır sınaqlardan və ümummilli lider Heydər Əliyevin dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi və diplomatik sahələrdə mühüm uğurlar əldə edib, regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirən səfir qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ vasitəçiliyi, o cümlədən Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında münasibətlərin normallaşdırılmasına dair mühüm sənəd imzalanıb və bu, regionda uzunmüddətli münaqişənin sona çatdırılması üçün əsas yaradıb.
Digər çıxış edənlər Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu məkanda yerləşdiyini və Cənubi Qafqazdakı əsas geostrateji mövqeyini vurğulayıblar. İkitərəfli tərəfdaşlığın əsasının ulu öndər Heydər Əliyevin 1995-ci ildə həyata keçirdiyi Buxarestə səfəri əsnasında qoyulduğu, hazırda Azərbaycanın Rumıniyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşı olduğu diqqətə çatdırılıb.
Azərbaycan investisiyalarının rəqəmsal infrastruktur layihələri və yaşıl enerji də daxil olmaqla Rumıniyanın enerji infrastrukturunda vacib yer tutduğu, hər iki ölkənin çətinliklərlə dolu bir dünyada ortaq bir yol üzrə tərəfdaş olduğu bildirilib.
Daha sonra mərasim iştirakçıları işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərini, mina problemini, ölkəmizin inkişafını və turizm potensialını əks etdirən, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunan fotosərgi ilə tanış olublar.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.
Тег #Rumıniya используется
