"Yeni bir dəhlizin açılması ölkələrimiz üçün böyük önəm daşıyır" | İlham Əliyev - Baku TV
“Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır”.
Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.
“Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız – bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcək”, – deyə dövlət başçısı bildirib.
