Tarixi Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür - Baku TV
Azərbaycan–Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada birgə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkənin münasibətlərində yeni səhifə açdı.
Bəyannamə strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan və Türkiyənin qabaqcıl rolunu vurğulayır. Eləcə də, elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək təşəbbüslərin artırılması və davam etdirilməsi niyyətini ifadə edir.
Şuşa Bəyannaməsində həmçinin Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan–Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd olunur.
Bəyannamə iki ölkənin xarici siyasət uğurlarının davamlılığında, müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsində, eləcə də təhsil və media sahələrində əlaqələrin uğurlu inkişafında əhəmiyyətli rol oynayır.
Ümumilikdə, bu sənəd Azərbaycan və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.
