Tədbirin sonunda “Şuşa Bəyannaməsi” qəbul olunub
Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 7-ci görüşü keçirilib.
“Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında təşkilatın tədbirlərinin Şuşada keçirilməsinin xüsusi simvolik əhəmiyyət daşıdığını və şəhərin zəngin mədəni-tarixi irsi ilə Azərbaycanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini qeyd edib.
Fuad Nağıyev vurğulayıb ki, Azərbaycana səfər edən turistlərin mühüm hissəsi İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin payına düşür və bu maraq ölkələr arasında mövcud olan ortaq tarixi, mədəni və etnik bağlardan qaynaqlanır.
Təşkilatın Baş katibi Əsəd Məcid Xan çıxışında qeyd edib ki, regional turizmin inkişafı üçün dayanıqlı yanaşmaların tətbiqi, turizm təhsili üzrə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun prosesə daha fəal cəlb olunması və birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir.
O bu istiqamətdə atılan addımların üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, turizm potensialının daha səmərəli reallaşdırılmasına və sektorun dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.
Tədbir zamanı aparılan müzakirələrdə turizmin şaxələndirilməsi, ekoturizmin təşviqi, regional marşrutların inkişafı və üzv ölkələr arasında birgə təşəbbüslərin irəli sürülməsi məsələlərinə toxunulub.
Görüş çərçivəsində Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasının nəticələri təqdim olunaraq təsdiqlənib. Bununla yanaşı, ekoturizm üzrə qabaqcıl təcrübələri əks etdirən toplu və turizmin şaxələndirilməsinə dair siyasət sənədi təqdim edilib.
Tədbirin əsas nəticələrindən biri olaraq üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən “Şuşa Bəyannaməsi” qəbul olunub.
Görüşdə Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı seçilib.
