Borrel və Makrona tərs şillə
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir”.
Bunu Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı həmçinin beynəlxalq institutların, o cümlədən Avropa İttifaqının Azərbaycana qarşı yürütdüyü ikili standartları, Cozep Borrelin heç bir reallığı əks etdirməyən, qərəzli bəyanatlarının ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirildiyini vurğulayıb.
“C.Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. C.Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Emmanuel Makronun insinuasiyalarıdır.
Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”, – deyə Prezident İlham Əliyev bildirib.
Ölkə başçısı Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarından da danışıb. Qeyd edib ki, AŞPA 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı təşkilatdan uzaqlaşdırmaq istəyir və bunu məqsədyönlü şəkildə edir.
“Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”, – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı Fransa, ABŞ və Rusiyanın Azərbaycan torpaqlarının 30 il davam edən işğal faktına göz yummasını xatırladaraq bu ölkələrin ədalətin bərpa olunması üçün heç bir addım atmadığını vurğulayıb.
“Biz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Onlar istəmirdi ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam.
Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidir. Əks təqdirdə vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidir”, – deyə Prezident İlham Əliyev qeyd edib.