Kadırovun təyyarəmizin vurulmasında rolu | HHM sistemləri Çeçenistana niyə yerləşdirilib?
Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Rusiyanın “Pantsir-S” Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulmasına görə məsuliyyət daşıyan şəxslər bəlli olub.
İlk cavabdeh Çeçenistan Respublikasının Nəqliyyat Nazirliyinin rəhbərliyidir. Bu struktur aviasiya hissəsinə də nəzarət edir. Nazir Adam Ramazanoviç Çerxiqovdur.
Növbəti cavabdeh olan “Vaynaxavia” ASC-nin rəhbəri Şahqiriyev Alvi Saydumoviçdir. Bu şirkət Qroznı Hava Limanını idarə edir.
Rusiyanın Cənub Hərbi Dairəsinin rəhbərliyi də hadisəyə görə məsuliyyət daşıyanlar sırasındadır. Çeçenistan Respublikasının ərazisi məhz bu hərbi struktura daxildir. 2024-cü ilin noyabr ayından ona general-polkovnik Aleksandr Semyonoviç Sançik komandanlıq edir. Onun müavini isə Vladimir Anatoliyeviç Koçetkovdur.
Təbii ki, bu məsələdə Cənub Hərbi Dairəsi daxilində hava hücumundan müdafiəyə cavabdeh olan 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun rəhbərliyini də unutmaq olmaz. Bu hərbi birləşməyə general-mayor Vladimir Stanislavoviç Kutsenko komandirlik edir və nəhayət, məhz Kadırovun özü 2022-ci ildə ilk dəfə Çeçenistan ərazisində hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi məsələsini qaldırmışdı. Ukrayna pilotsuz uçuş aparatlarının Çeçenistan ərazisinə, daha dəqiq desək, bu ilin oktyabrın 29-da ölkədəki xüsusi təyinatlılar universitetinə zərbə endirməsindən sonra bu məsələ daha aktuallaşmışdı.