Suriyanın siyasi xəritəsində Türkiyənin rolu - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqin mərkəzi – Suriya 2025-ci ildən başlayaraq tarixinin ən kritik dövrlərindən birinə qədəm qoyur. İnqilab sonrası yaranan yeni balanslar yalnız Suriyanın deyil, bütün bölgənin gələcəyinə təsir edə bilər.
Bəs Suriyadakı mövcud vəziyyət bizə nə deyir? Türkiyənin YPG-yə qarşı mövqeyi bölgədə hansı təsiri yarada bilər?
Baku TV-də yayımlanan “Hərbi Xronika” rubrikasında jurnalist Fərdin İsazadə bu suallara aydınlıq gətirib.
Suriyada 2011-ci ildə başlayan xalq hərəkatı və ardınca gələn toqquşmaların 2024-cü ildə Bəşər Əsəd hakimiyyətinin devrilməsi ilə məntiqi sona çatdığını deyən hərbi jurnalist bildirib ki, bu inqilabdan sonra ölkənin nəzarəti “Heyət Təhrir əş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd əl-Colaninin əlinə keçib.
F.İsazadə qeyd edib ki, Suriya gündəminin əsas mövzusu YPG-nin gələcəyi ilə bağlıdır:
“Bildiyimiz kimi, Türkiyə YPG-ni PKK-nın Suriyadakı qolu olaraq görür və bu struktura qarşı qəti mövqe nümayiş etdirir. Lakin ərazidəki vəziyyətə baxdığımızda Türkiyənin hələlik YPG-yə qarşı genişmiqyaslı əməliyyata başlamadığını görə bilərik. Türkiyənin əsas məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.
Bu kontekstdə deyə bilərik ki, Ayn əl-Ərəb, Ayn İssa, Qamışlı və Əl-Malikiyyə kimi yaşayış məntəqələri Türkiyənin əsas hədəfidir. Cənuba doğru olan ərazi, xüsusilə Əl-Həsəkə, Əş-Şəddadi və neft-qaz yataqlarının yer aldığı digər bölgələr hələlik əməliyyat planlarından kənarda görünür. Gəlinən nəticə isə odur ki, bu ərazilər hələ uzun müddət ABŞ-nin nəzarəti altında olacaq”.
Hərbi jurnalist əlavə edib ki, HTŞ də hazırda YPG-yə qarşı açıq şəkildə cəbhə almaq istəmir. Bu mövqeyini təşkilat Bəşər Əsəd hakimiyyətinə qarşı apardığı son döyüşlərdə ortaya qoyub:
“Bunun əsas səbəbi HTŞ-nin beynəlxalq arenanı, xüsusilə ABŞ başda olmaqla Qərb dünyasını qarşısına almaq istəməməsidir. Lakin Türkiyənin bölgədəki balansı kökündən və tamamilə dəyişdirəcək addımlar atması halında HTŞ də rəsmi Ankara ilə birgə hərəkət edə bilər”.
#Yaxın Şərq teqi istifadə olunub
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM
- Neft tankerində yanğın | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
