
Azərbaycan Hərbi Dəniz Qüvvələri
Hərbi Dəniz Qüvvələri — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növüdür. Həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə fəaliyyət göstərməklə vəzifələrini yerinə yetirir. Azərbaycanın dəniz hərb tarixi çox qədim çağlara gedib çıxır — Qobustandakı qayaüstü rəsmlər buna ən erkən sübutlardan biridir. 1175-ci ildə Şirvanşah I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini məhv edərək rus donanmasını məğlub etmişdir.
Müstəqillik dövrünədək tarix
Azərbaycan Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılmışdır. Azərbaycan Xəzər hərbi donanmasının tərkibinə 75, 100 və 120 mm çaplı toplarla silahlanmış "Ərdahan" və "Kars" kanoner gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti gəmiləri, nəqliyyat gəmisi və katerlər daxil idi.
Müstəqil Azərbaycan donanması
26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırılmış və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başlamışdır. İlk mərhələdə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri formalaşdırılmış, Xəzər hövzəsindəki müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmuşdur.
Qarabağ döyüşlərindəki rolu
Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırılmışdır. Ağdam-Tərtər istiqamətindəki döyüşlərə cəlb edilən tabor 1994-cü il iyulun 25-də vəzifəsini yerinə yetirdikdən sonra hərbi hissəyə qayıtmışdır.
Beynəlxalq əməkdaşlıq
Azərbaycan Hərbi Dəniz Qüvvələri bir sıra ölkələrlə hərbi-texniki əməkdaşlıq qurmuşdur. İtaliya Respublikasının müdafiə nazirliyi ilə şəxsi heyətin hazırlanması və təhsili sahəsindəki əməkdaşlıq protokolu imzalanmış, beynəlxalq hərbi-dəniz təlimlərinə iştirak genişləndirilmişdir.