#Heydər Əliyev Fondu
icon

Heydər Əliyev Fondu 

Heydər Əliyev Fondu 2004-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqın ehtiramını ifadə etmək məqsədilə təsis edilmişdir. Fondun prezidenti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Fəaliyyət istiqamətləri

Fondun fəaliyyəti elm və təhsil, səhiyyə, mədəniyyət, sosial sahə, idman, İKT və ətraf mühit istiqamətlərini əhatə edir. Mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, habelə yeni mədəniyyət obyektlərinin inşası.

Beynəlxalq layihələr

Fondun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada Normandiyadakı kilsə və Luvr muzeyi, Vatikanda müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları kimi obyektləri əhatə edir. Fransa, Rusiya, Macarıstan, İtaliya və Almaniyada sosial sahədə həyata keçirilmiş layihələr mədəniyyətlərin inteqrasiyasına xidmət edir. Fondun ABŞ, Rumıniya, Rusiya Federasiyası və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir.

UNESCO ilə əməkdaşlıq

2005-ci ilin avqustunda Fond UNESCO ilə birgə "UNESCO-Azərbaycan: gələcəyə körpü" mövzusunda beynəlxalq konfrans keçirmiş, bu çərçivədə UNESCO ilə Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Qarabağın bərpasına töhfə

Torpaqların işğaldan azad olunmasından sonra Fond Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrin, məscidlərin bərpası üzrə yeni layihələrin icrasına başlamışdır. Koronavirus pandemiyası dövründə isə Fond mübarizəyə dəstək məqsədilə müvafiq fonda 500 min manat vəsait köçürmüşdür.