Aktau və Cənubi Koreyadakı təyyarə qəzaları nəyi ortaya çıxardı?
Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin, Cənubi Koreyada isə həmin ölkənin laynerinin qəzaya uğramasından sonra pilotların davranışı və texniki məsələlər müzakirə olunur.
Bu məsələdə ekspertlərin mövqeyi birmənalı deyil. Belə bir yanaşma da var ki, ümumiyyətlə, yerə yaxınlaşma dayanıqlı şəkildə və düz olarsa, qəzaların öhdəsindən daha az itki ilə gəlmək və ya onu qabaqlamaq olar. Cənubi Koreya və Qazaxıstandakı qəzalar zamanı pilotların cəhdi peşəkar idi.
Təyyarə qəzalarının səbəblərinə baxdıqda bunu bəzi hallarda quş amili ilə izah edənlər də olur. Məsələn, Azərbaycana məxsus təyyarənin Rusiyanın ilkin olaraq vurğuladığı quş sürüsü ilə toqquşma versiyasının əsl səbəbi laynerin Hava Hücumundan Müdafiə sistemi ilə vurulması faktını gizlətmək məqsədi daşıyırdı. Cənubi Koreyadakı hadisədə də təyyarənin mühərrikinə quşların daxil olması bildirilib. Lakin bu hal olsa belə, müasir təyyarələrdə quşların qəzaya səbəb olması qəbul edilmir.
Yəni quşların təyyarəni qəzaya uğratması halları daha əvvəllər olub. Lakin aviasiya sənayesi bu gün çox inkişaf edib. Bu səbəb indi istisna edilir. Ümumiyyətlə isə təyyarə qəzasından minimum itki ilə çıxılması təyyarənin texniki xüsusiyyətləri və pilotların davranışı ilə əlaqəlidir.