Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2026-2027-ci tədris ilində özəl məktəblərin illik təhsil haqları 4 min manatdan başlayaraq 20-30 min manat, bəzi hallarda isə 40 min manatadək yüksəlir.
Valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün ailə büdcəsindən kifayət qədər böyük məbləğ ayırırlar.
Bəs bu ödənişlər şagirdlərə hansı bilik və bacarıqları qazandırır? Bahalı məktəb, həqiqətən də, keyfiyyətli təhsil deməkdirmi?
Təhsil İşçilərinin Həmrəylik Alyansının sədri Əmrah Həsənli Baku TV-yə açıqlamasında bildirib ki, cəmiyyətdə bahalılığın keyfiyyət göstəricisi olması ilə bağlı yanlış stereotip mövcuddur.
Onun sözlərinə görə, təhsil istehlak malı deyil və valideynlər ödədikləri məbləğin təhsilə, yoxsa əlavə xidmətlərə sərf olunduğunu fərqləndirməlidirlər.
“Özəl məktəblərin müasir laboratoriyaları, idman zalları, qidalanma və təhlükəsizlik imkanları, eləcə də beynəlxalq tədris proqramları şagirdlər üçün müəyyən üstünlüklər yaradır. Siniflərdə şagird sayının az olması müəllimə hər uşaqla fərdi məşğul olmaq imkanı verir. Bununla belə, bahalı məktəb avtomatik olaraq yüksək nəticəyə zəmanət vermir”, – deyə Əmrah Həsənli qeyd edib.
O bildirib ki, dövlət məktəblərində də güclü akademik baza və rəqabət mühiti mövcuddur. Respublika fənn olimpiadalarının qalibləri və ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayanların böyük əksəriyyətinin dövlət məktəblərinin məzunları olduğunu vurğulayıb.
Ekspertin fikrincə, məktəbin təqdim etdiyi imkanlarla yanaşı, uşağın şəxsi həvəsi, müəllimin peşəkarlığı və ailənin təhsil prosesində iştirakı da həlledici rol oynayır.
Əmrah Həsənli valideynlərə məktəb seçərkən yalnız binanın görünüşünə və reklamlara deyil, müəllim heyətinin peşəkarlığına, məzunların nəticələrinə və uşağın fərdi ehtiyaclarına diqqət yetirməyi tövsiyə edib.
Özəl məktəblərin akkreditasiyası və fəaliyyətinə nəzarət məsələsinə də toxunan ekspert bildirib ki, bu təhsil müəssisələri müvafiq lisenziya əsasında fəaliyyət göstərir və dövlətin müəyyən etdiyi təhsil standartlarına əməl etməlidir.
“Elm və Təhsil Nazirliyi özəl məktəblərə ciddi nəzarət etməlidir ki, valideyn ödədiyi məbləğin qarşılığında, həqiqətən, keyfiyyətli təhsil ala biləcəyinə əmin olsun”, – deyə o əlavə edib.
#Özəl məktəblər teqi istifadə olunub
