Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddət Rusiyada yaşayan, Rusiya vətəndaşı olan xanımla ailə quran və bir neçə il əvvəl Azərbaycana qayıdan Gəncə şəhər sakini, 37 yaşlı Elşən Cəfərov çətinliklə üzləşdiyini deyir.
O, iki övladının Azərbaycan vətəndaşlığına mənsubiyyətinin tanınmamasından şikayətçidir.
Baku TV-nin qaynar xəttinə müraciət edən Elşən Cəfərov bildirir ki, müvafiq dövlət qurumlarına etdiyi müraciətlərə mənfi cavab alıb. Vətəndaş problemin həlli üçün kömək istəyir:
“1999-cu ildən Rusiyada yaşamışıq. Orada iki övladım dünyaya gəlib. 2022-ci ildə Azərbaycana qayıtmışam. İstəyirəm ki, uşaqlarımın Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınsın. 2026-cı ildə bununla bağlı müraciət etdim. Həmin vaxtadək müvəqqəti yaşamaq icazəsi ilə qalırdıq. Dövlət Miqrasiya Xidməti vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edib.
Kiçik qızım xəstələnəndə dövlət xəstəxanasına müraciət edə bilmirəm. Çünki qəbul üçün 50 manat dövlət rüsumu ödəməli oluram. Halbuki mən fərdi sahibkaram, bu dövlətə vergi ödəyirəm və qanunvericiliyin tələblərinə əməl edirəm. Övladlarımı hansısa dövlət müəssisəsinə aparanda onlara miqrant kimi yanaşırlar. Məktəbdə də miqrant olduqları bildirilir”.
Vətəndaşın sözlərinə görə, Dövlət Miqrasiya Xidməti imtina qərarını Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 18-ci maddəsi ilə əsaslandırıb:
“18-ci maddənin birinci hissəsində xarici dövlətin vətəndaşlığının könüllü əldə edilməsi, ikinci hissəsində xarici dövlətin silahlı birləşmələrində və ya icra hakimiyyəti orqanlarında xidmət, üçüncü hissəsində isə Azərbaycan dövlətinin mənafeyinə zidd hərəkətlərdən söhbət gedir. Bunların heç biri azyaşlı uşaqlara aid ola bilməz. Nə 5 yaşlı, nə 11, nə də 12 yaşlı uşaq belə hərəkətlər edə bilməz”.
#Azərbaycan vətəndaşlığı teqi istifadə olunub
