Bakının mərkəzində görücülük qabiliyyəti tələb edən yol nişanı | Sürücülər şikayətləndi
Rəşid Behbudov və 28 May küçəsinin kəsişməsində sol zolaqdakı yol nişanı sürücülər arasında çaşqınlıq yaradır.
Sürücülər nişana baxan zaman düzünə getmək, yoxsa sola dönmək lazım olduğuna qərar verə bilmirlər.
“Çəkilən bu nişan çaşqınlıq yaradır. Sonra da cərimələnən biz oluruq. Ya bu nişanı silsinlər, ya da düzgün çəksinlər”, – deyə narazı sürücülər bildiriblər.
AYNA-nın sözçüsü Tural Orucovun sözlərinə görə, bir müddət əvvəl sözügedən ərazidə nəqliyyat vasitələri yolun sol hərəkət hissəsi ilə yalnız sola hərəkət edə bilirdilərsə, sonradan kəsişmədə həyata keçirilən dəyişiklik nəticəsində həmin zolaqla həm sola, həm də düzünə hərəkət təmin edilib:
“Yol nişanlanma xətlərində də müvafiq dəyişiklik olunub. Əraziyə baxış keçirilərək uyğunsuzluq aradan qaldırılacaq”.