“Bu dövrdə kim anasına baxır?!” | “Atasını güllələdilər, qayınanam da 114 yaşında...” - O VAXTLAR
“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Şahsənəm Əliyeva olub.
Ş.Əliyeva keçmişdəki ailə dəyərlərindən, gəlinlik dövrünün çətinliklərindən və o dövrün adət-ənənələrindən söz açıb.
Həyat yoldaşı ilə keçirdiyi illərdən və onun itkisindən bəhs edən Şahsənəm xanım xatirələrini belə bölüşüb:
“Həyat yoldaşımı itirməyimdən 3 il keçir. Nə dəyişdi həyatımda? Heyif, kaş ki ölməyəydi. 86 yaşı var idi, elə bilirdim, heç vaxt ölməyəcək. Cəmi 10 günün içində canını tapşırdı. Qadına sevgi lazımdır. Sevgi isə bir-birimizə, gördüyümüz işə qiymət verməkdir. Biz elə yaşamışıq”.
Ailəsinin qarşılaşdığı repressiya faciəsini və böyüklərə qulluq etdiyi illəri xatırlayan Ş.Əliyeva sözlərini belə yekunlaşdırıb:
“1937-ci ilin repressiya dövründə qayınanamın atasını aparıb güllələdilər. 16 yaşlı oğlunu da atasının qoluna bağlayıb apardılar, bir daha xəbər tuta bilmədik. Qayınanamın 100 yaşlı anası tək qalmışdı, onu 1937-ci ildən qalan həmin o evə gətirdik. O vaxt nə qaz var idi, nə su. Suyu quyudan gətirərdik. Həmin evdə o qoca qadına 14 il baxdım. Bircə bilsəydi ki, oğlunun qəbri haradadır, bəlkə də bu qədər ağlamazdı. 114 yaşında rəhmətə getdi. İndi mən onun yurdunda oturmuşam. Allah bütün balalarımızı, gənclərimizi qorusun”.
