COP29-la bağlı tibb müəssisələri hazır vəziyyətə gətirildi | Vüqar Qurbanovdan mühüm açıqlama
“COP29 Azərbaycan Əməliyyat Şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub”.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib.
V.Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
“COP29 tədbiri ilə bağlı Sabunçu Tibb Mərkəzinin Məhəmmədi modul tipli xəstəxanası reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı ilə təmin edilib. COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.
Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb”, – deyə V.Qurbanov deyib.