Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV
“Azərbaycan əsrlərdir, bəlkə də, minilliklərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir arada yaşadığı unikal bir ölkədir”.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöldə keçirilən “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
“Azərbaycanda yəhudiliyin 26 əsrlik tarixi var. Eyni zamanda xristianlıq meydana çıxdığı birinci əsrdən etibarən bu coğrafiyada yayılmağa başlayıb. İslam isə artıq 13 əsrdir ki, burada aparıcı dindir. Amma islamın bu müddət ərzində aparıcı din olmasına baxmayaraq, yəhudilik və xristian konfessiyaları da burada öz mövcudluqlarını qoruyub saxlayıblar”, – deyə o bildirib.
G.İsmayılovun sözlərinə görə, Azərbaycan xalqının həyat tərzi olan birgəyaşayış mədəniyyəti həm də hökumətin dövlət siyasətidir:
“Yəni birgəyaşayış mədəniyyətini qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək bu gün dövlət siyasətidir, eyni zamanda həm dövlət məmurlarının, həm də din xadimlərimizin üzərinə düşən mübarək missiyadır. Bu baxımdan biz birgəyaşayış mədəniyyətimizə təhdid yaradan qrupların, həmçinin “ideoloji” təbliğatların qarşısının alınması üçün din xadimlərinin, dini icmaların fəaliyyətinin koordinasiya edilməsini, onların vaxtında bu proseslə bağlı məlumatlandırılmasını vacib hesab edirik”.
