Hansı çağırışçılar yeni yaradılan bölmələrdə xidmət edə bilər? | MN məlumat yaydı
Azərbaycan Ordusunda intellektual qabiliyyətli bölmələr yaradılıb.
Bu, Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyanın tətbiqi deməkdir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar.
Onlar hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər. Həmin proqram orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcək və çağırışçılar hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanacaqlar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplayan, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş şərtlərə uyğun olan qaliblər, həmçinin beynəlxalq reytinqi 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.