İlisu şəlaləsinə gedən yol niyə bu haldadır? | Sakinlər və turistlər şikayətçidir - Baku TV
İlisu şəlaləsinə gedən yolda şlaqbaum qoyulub və Milli Parka giriş ödənişli olub. Hər bir ziyarətçi üçün giriş haqqı 2 manat müəyyən edilib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Sakinlər isə bu yenilikdən narazıdırlar. Onlar bildirirlər ki, problem ödənişin tətbiq edilməsində deyil, işin düzgün təşkil olunmamasındadır.
İlisu kənd sakininin sözlərinə görə, yolun təmirinə sakinlər öz vəsaitləri hesabına pul xərcləyirlər, lakin buna baxmayaraq, ərazidə şlaqbaum qoyularaq ziyarətçilərdən ödəniş alınır:
“Yolu özümüz düzəldirik. Bir həftə əvvəl 300 manat pul xərcləmişdik. Gəlib şlaqbaum qoyub pul yığırlar. Saat 6-da da bağlayıb gedirlər. Belə olarmı? Camaat şəlaləyə baxmaq, təbiətdən zövq almaq istəyir. Burada insanları incidirlər. Hamı narazıdır”.
Bakıdan gələn turistlərdən biri də yaradılan şəraitdən narazılığını bildirib:
“Bakıdan gəlmişəm. Buraya çatanda bildirdilər ki, şəlaləyə qalxmaq 2 manatdır. 2 manat bizim üçün problem deyil. Amma yaradılan şəraitdən çox pis olduq. Çünki uşaqlarla qalxmışam. Mənə deyirlər ki, gedib aşağıdan bilet alıb yenidən gəlməlisiniz. Yəni belə bir şərait yaradırsınızsa, bunu axıra kimi düzgün təşkil edin”.
#İlisu Milli Parkı teqi istifadə olunub
